AZE | RUS | ENG |


“Toplananların yerini dəyişəndə cəm dəyişmir”

“Toplananların yerini dəyişəndə cəm dəyişmir”
Ekspertlərin fikrincə, Dağlıq Qarabağın adını dəyişdirilərək “Artsax” adlandırmasının heç bir hüquqi-tarixi əhəmiyyəti yoxdur

Ermənistan siyasi rəhbərliyi hər dəfə sülh danışıqları prosesində küncə sıxılanda vəziyyətdən çıxış yolunu ya əvvəl verdiyi sözü, üzərinə götürdüyü öhdəlikləri danmaqda, yaxud da cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə, yeni təxribatlar törətməkdə görüb. Aprel döyüşlərində ağır sarsıdıcı zərbə alan düşmən həmsədr dövlətlərə minnətçi düşərək, döyüşlərin dayandırılması, konkret nəticəsi olan sülh danışıqlarının bərpa olunması üçün yalvarışlar etsə də, prezidentlərin iştirakı ilə keçirilən Vyana və Sankt-Peterburq görüşlərdə yenidən qeyri-konstruktivlik nümayiş etdirib. İşğal olunmuş ərazilərimizdə hərbi təlimlərə başlayan, Azərbaycanı növbəti dəfə təxribata çəkmək istəyən Ermənistan siyasi hakimiyyəti bununla sülh danışıqlarını yenidən pozmağa, status-kvonun dəyişməz olaraq qalmasına çalışıb. Bu dəfə də işğalçı dövlət Dağlıq Qarabağ ərazisində yaratdığı oyuncaq qurum vasitəsilə ənənəvi taktikaya üstünlük verib. Belə ki, Dağlıq Qarabağdakı qondarma rejim "konstitusiya”larını dəyişmək barədə qərar qəbul edib. Həmin "layihədə” separatçı rejimin adının "artsax tespublikası”na dəyişdirilməsi də nəzərdə tutulur. Qondarma rejim təmsilçiləri bununla bağlı ictimai müzakirələri noyabrın 20-də bitirmək niyyətində olduqlarını bildiriblər. Ermənistan rəhbərliyinin ssenarisi ilə gerçəkləşən bu şousu başa çatandan sonra, separatçıların lideri Bako Saakyan "konstitusiya layihəsi”ni təsdiq edəcək.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin adının "konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək "Artsax Respublikası” adlandırılması cəhdinə dərhal reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, baş verənlər Ermənistanın beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupu həmsədrlərini növbəti dəfə aldatmaq siyasətidir. XİN rəsmisi deyib ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistandan konstruktiv və konkret addımların atılması gözlənilsə də, rəsmi Yerevan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür. Dağlıq Qarabağ probleminin sülh danışıqları yolu ilə həllinə məsul olan şəxslərdən biri - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə mətbuata açıqlamasında deyib ki, ABŞ, o cümlədən Ermənistan da daxil olmaqla, dünyada heç bir ölkə Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı mövzu ilə əlaqədar bildirib ki, Dağlıq Qarabağın adının dəyişdirilməsi cəhdi heç bir hüquqi-tarixi yük daşımır. Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu diqqətə çatdıran partiya sədri ermənilərin bu torpaqlar XIX əsrdən köçürüldüyünü, indi isə əsassız ərazi iddiaları ilə çıxış etdiklərini vurğulayıb: "Onlar müstəqillik kimi xam xəyallar üzərində düşünürlər. Bu tipli fikirlərlə çıxış edirlər. Beynəlxalq hüquq sisteminin tələblərinə görə, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ hüquqi baxımdan Azərbaycanındır. Amma faktiki olaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və yeddi rayon onların işğalı altındadır. Bütün bunlar Azərbaycana tam əsas verir ki, ərazi bütövlüyünü təmin etsin. Əminəm ki, bu, çox da uzaqda deyil. Ermənistanın konstruktiv mövqedən çıxış etməməsi, pozuculuq xarakterli addımları, işğalçılıq siyasətini yürütməsi dünya ictimaiyyətini də Azərbaycana, "Vur, Azərbaycan əsgəri”deməyə vadar edəcəkdir. Buna, qətiyyən, şübhəm yoxdur. Ordumuz bu gün Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə hazırdır. Əlverişli şəraitdə bu addım atılacaq. Ona görə də, bu cür qondarma adların qoyulmasının heç bir mənası yoxdur və heç bir hüquqi-tarixi yük daşımır”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında bildirib ki, erməni separatçıların "yeni Konstitusiyalarının müzakirəsi və qəbulu” sırf piar gedişidir. Onun sözlərinə görə, rəsmi İrəvan bu "piar”la diqqəti "Dağlıq Qarabağın müstəqilliyinə” yönəltmək istəyir: "Bu yolla sanki böyük güclərə işarə edirlər ki, "Konstitusiyası olan bölgə müstəqillikdən vaz keçə bilməz və bu mənada bizə təzyiq etməyin”. Dağlıq Qarabağın "yeni konstitusiyası” bir təxribatdırsa, "konstitusiyada” Dağlıq Qarabağın adının dəyişdirilməsi bir başqa təxribatdır. Ancaq hesab etmirəm ki, separatçıların "konstitusiyasının” və "ad dəyişməsinin” nəyəsə dəxli var. Sabah eyni "arqumentlə” Ağdamın və Fizulinin də adını dəyişə bilərlər. Digər tərəfdən, Dağlıq Qarabağ əvəzinə "artsax respublikası” ifadəsini "əsas sənədlərinə” salmalarından niyə narahat olmalıyıq ki? Guya buna qədər onlar onlar "artsax” ifadəsi işlətmirdilər və ya biz separatçıları, onların qondarma konstitusiyalarını tanıyırdıq? Biz Xankəndi, onlar Stepanakert deyirlər və bu, illərdir belədir. Yəni dəyişən bir şey yoxdur. Bizdən başqa beynəlxalq aləm də Dağlıq Qarabağ ifadəsi işlədir, xarici diplomatlardan heç biri hətta İrəvan və Xankəndində olanda da "Artsax” ifadəsi işlətmir. Yox əgər hansısa biri çaşsa, Dağlıq Qarabağ əvəzinə, separatçıların istəyi əsasında "Artsax” kəlməsini işlətməyə başlasa, demək onunla ayrıca danışmalı olacağıq. Ancaq amerikalı həmsədr Ceyms Uorlikin məsələyə münasibətindən belə anladım ki, onun da Dağlıq Qarabağ əvəzinə "Artsax” ifadəsi işlətməyə istəyi yoxdur”.

E.Şahinoğlu deyib ki, Azərbaycan prezidenti İlham Əliyev xarici müsahibələrinin hamısında Dağlıq Qarabağ ifadəsinin Azərbaycan kökənli olduğunu əsas gətirərək, ermənilərin köçəri xalq kimi özlərinə aid olmayan torpaqlara iddiasının əsassızlığını sübut edib. Müsahibimizin sözlərinə görə, bu arqument Qərbdə qəbul olunduğundan, yaranan vəziyyət separatçıları narazı salıb: "Ona görə bundan çıxış yolunu "ad dəyişdirməkdə” gördülər. Ancaq toplananların yerini dəyişəndə cəm dəyişmir. Ermənistanın hakimiyyət rəsmiləri daxili auditoriya üçün "Artsax” ifadəsi işlətsələr də, beynəlxalq müşahidəçilərlə və prezidentlərin üçtərəfli görüşlərində Dağlıq Qarabağ ifadəsi işlətmək məcburiyyətindədirlər. Çünki, bütün beynəlxalq sənədlərdə və dünyanın bütün liderlərinin dilində məhz Dağlıq Qarabağ ifadəsi keçərlidir. Buna görə də İrəvanın Dağlıq Qarabağın adını "Artsax”a dəyişməsi sadəcə piardır. Ancaq onlar bunu da unutmamalıdırlar ki, bu piar gedişi ilə münaqişənin masa üzərindəki həllini çıxılmaz vəziyyətə sürükləyir, beləliklə, özlərinin də istəmədikləri hərbi toqquşma ehtimalını artırırlar. Bu, onların seçimidir”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6744
GBP 1 İngilis funt sterlinqi 2.1708
TRY 1 Türk lirəsi 0.4872
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1944
EUR 1 Avro 1.8426
CHF 1 İsveçrə frankı 1.7267
USD 1 ABŞ dolları 1.7447