AZE | RUS | ENG |


Tamamlanmış hekayə

Tamamlanmış hekayə
Lucy Maud Montgomery

O həmişə sanatoriyanın qərb tərəfindəki balkonda oturub nəsə toxuyardı, adətən, toxuduqları ağ rəndə, yumşaq olurdu. Hərdən isə mavi rəngli, amma yumşaq bir şey olurdu əlində. Toxuduqları çox incə, delikates idi. O ən çox şal, şərf, papaq toxuyurdu. Həmin yay "Harbour Light” da istirahət edən hər bir qız xanım Silviyanın arıq, yorulmaq bilməyən, ağ barmaqlarının toxuduğu şərfi, ya şalı çiyninə örtərdi.
O qoca idi, yaşına görə çox gözəl idi, cavanlıqda nə qədər gözəl olduğu bəlli idi. Yəqin ki, qız vaxtı çox gözəl olub ki, bu gözəllik indi də hiss olunurdu. Altmış yaşda belə gözəl qalmaq hər kəsə nəsib olmur. Onun ərdə olmadığını biləndə hamı təəccüblənmişdi. Çünki o yaşda qadınların indi özləri boy-buxunda oğul-qızları, kiçik nəvələri vardı. 
Sanatoriyaya gəldiyi ilk iki gün ərzində Silviya heç yana getmədi, balkonda tək oturub toxumaqla məşğul oldu. Cavan, orta yaşlı, qoca adamlar onun yanına gedib söhbət edirdilər. Xanım Silviya hər şeyin yaxşısını sevdiyindən o ən çox cavanlarla ünsiyyət qururdu. O cavan qızları, oğlanları başına yığıb söhbət edərdi. Demək olar ki, o həmişə köhnə dəbli qara ipək don geyinərdi. Amma bu don ona çox yaraşırdı, ağ saçlarına toxunma papaq qoyar, çiyninə enli şal atardı qara, ipək donunun üstündən. Biz gün ərzində neçə saat onun yanında oturar, söhbət edərdik. 
İlk dəfə onunla tanış olan adam onu xanım Stanleymeyn deyib çağırırdı. O buna yalnız bir sutka dözərdi. Sonra o adama yalvarardı ki, ona xanım Silviya desinlər. Xanım Silviya ilə söhbət edən hər kəsin yaddaşında o həmişəlik qalardı. 
Xanım Silviya ordakı cavanların hamısını çox sevirdi, amma mən onun sevimlisi idim. O bizimlə çox səmimi idi, deyirdi ki, əgər mən onunla söhbət edəndə şalı bir qolundan aşağı sürüşübsə gərək onda heç kim bizim söhbətimizə mane olmasın. 
Onun mənə olan istəyindən çox lovğalanırdım, məni çox istəməyin səbəbini də bir müddət sonra öyrəndim. 
Xanım Silviya hamımızın inamını qazanmışdı, biz ona ürəyimizi açırdıq. Bizdən fərqli o, deyəsən, heç birimizə inanmırdı. 
Biz fikirləşirdik ki, mütləq onun həyatında bir sevgi məcarası olub. Bu barədə öyrənmək istəsək də heç nəyə nail olmadıq. Ona bu haqda sual verəndə o suallarımızı elə " dəf” edirdi ki, biz onun həyatında sevgi romanı olduğuna şübhə etmirdik.
 Bir axşam, deyəsən onu tanıdığımdan bir ay keçəndən sonra nəhayət, o mənə həyat hekayəsini danışdı. Onun həyat hekayəsinin sonuncu fəsli yox idi. 
Qürub çağında onunla birlikdə balkonda oturmuşduq. Sanatoriyada olan adamların çoxu dəniz sahilinə getmişdi. Heç kəsə qaynayıb qarışmayanlar isə həyətdə durub fikirli halda gözlərini biz oturan balkona dikmişdilər. Silviyanın çiyninə atdığı şal onun bir qolu üstə düşmüşdü, bu da o demək idi ki, bu vaxtda heç kim onu narahat edə bilməzdi. 
Mən xanım Silviyaya yazdığım hekayələrdən birini oxuyurdum. Düzünü deyim ki, bu hekayəni yazmağa məni o həvəsləndirmişdi. Mən əlyazmalarını qoltuğuna vurub qadınların sevgisini qazanmaq istəyən oğlanlardan deyildim. Dediyim kimi, xanım Silviya həvəsləndirmişdi məni bu hekayəni yazmağa. 
O, mənim jurnallara hekayə yazıb yolladığımı bilirdi (daha bilmirdi ki, bu hekayələrin çoxunu jurnal redaktorları bəyənib çap etmirdi).
Beləcə onun xahişini yerinə yetirmək üçün mən həmin günün səhəri otağıma qapanıb bir hekayə quraşdırdım. Əlacım yox idi, bu hekayəni ona oxumalıydım.
Bu çox kiçik qəmli bir hekayə idi. Hekayənin əsas qəhrəmanı bir qızı sevirdi. Qız da onu sevirdi. O qızı sevməmək üçün heç bir ciddi səbəb yox idi, amma oğlanın qızla evlənməyinə mane olan çox səbəb vardı. 
Oğlan qızı sevdiyinə əmin olandan sonra ondan uzaqlaşmaq, çıxıb getmək istəyir. Dəqiq bilmir ki, qızı sevdiyini ona açıb desin, yoxsa yox? O bilmir ki, ən azı özünə təsəlli vermək üçün qızın da onu sevib-sevmədiyini öyrənsin, ya yox? 
O neçə gün bu haqda fikirləşib bir qərara gəldi. Qıza heç bir söz demədən çıxıb getdi. İnanırdı ki, bu əsl kişi hərəkəti olar. Hekayəmi oxumağa başlayanda xanım Silviya başını aşağı salıb toxuyurdu, bu dəfə deyəsən, açıq yaşıl rəngli bir şey vardı əlində. May ayında ağacların yarpaqları rəngdə bir şey. Hekayəmi oxuyub qurtarmamış o əlində toxuduğu şeyi dizi üstünə qoyub dayandı. Hekayəm üçün bundan yaxşı bir kompliment heç vaxt görməmişdim. 
Əlyazmamın sonuncu səhifəsini də oxuyub başımı qaldırıb ona baxdım. Xanım Silviyanın qəhvəyi gözləri yaşla dolmuşdu. O barmaqlarını bir-birinə keçirib həyəcanlı səslə dedi:
– Yox! Yox! Yox! Qoyma o oğlan sevgisini o qıza deməmiş çıxıb getsin! Qoy sevgisini bəyan etsin! Qoyma onu getməyə! 
Mən sevinirdim ki, obrazlarım ona bu qədər real görünüb.
– Xanım Silviya, məni başa düşün. Belə etsəm hekayəm korlanar, hekayəmin heç bir mənası olmaz. Hekayənin əsas motivi oğlanın özünə qalib gəlməsdir. O inanır ki, bu addımı atmaqla daha alicənab hərəkət edir. 
–Y ox, yox! Düz demirsən. Əgər o qızı sevirsə, mütləq bunu ona deməlidir. Özün də fikirləş. Axı qız da onu sevir. Oğlanın ona ürəyini açmaması qızı təhqir etməyə bərabərdir. Oğlan ona heç nə demədən çıxıb gedəndə qız heç vaxt oğlanın onu sevib-sevmədiyini bilməyəcək. Ah, çox xahiş edirəm, sən bu hekayəni dəyiş! Mütləq! Mən heç vaxt istəmərəm ki, o qız da mənim kimi əzab çəksin! 
Xanım Silviya belə deyib hönkürtüylə ağlamağa başladı. Onun xətrinə dəyməmək üçün söz verdim ki, hekayəni yenidən işləyəcəm. Halbuki çox yaxşı bilirdim ki, belə etsəm hekayəmin heç bir mənası olmayacaq. 
– Ah, buna çox şadam, – xanım Silviya dedi. 
İndi onun gözləri sevinclə parlayırdı. Bir an susub sözünə davam etdi:
– Mən çox yaxşı bilirəm ki, oğlan belə etsə qızı xoşbəxt edəcək. Səni inandırmaq üçün öz sevgi hekayəmi danışacam. Mənə söz ver ki, heç kimə deməyəcəksən. 
Narazı halda ona dedim:
– İstəməzdim ki, məni söz verməyə məcbur edəsən. İnanın, heç kimə deməyəcəm. 
– İncimə, sənə inanıram. Amma bu adicə bir kiçik hekayədir, – o məni inandırmaq istədi. – Mənə gülmə, həyatım boyu bircə dəfə sevmişəm. İllər əvvəl, daha doğrusu, 40 il bundan qabaq, mənim 20 yaşım olanda baş verib bu hadisə. Bir gün bildim ki, bir oğlanı dəlicəsinə sevirəm. Onunla yayda, bu sanatoriya kimi bir yerdə tanış olmuşdum. Mən ora xalamla getmişdim, o isə çox arıq, incə bir qadın olan anası ilə. Bir müddət biz hər gün bir-birimizi görürdük. 
Ah, o oğlan bu vaxtacan gördüyüm heç bir oğlana bənzəmirdi. Sən bir az ona oxşayırsan. Bəlkə də səni burdakı cavanların hamısından çox istəməyimin bir səbəbi də budur. İlk dəfə səni görəndə ona oxşatdım. Hələ də dəqiq bilmirəm, sənin nəyin ona oxşayır. Məncə, üzünün ifadəsi, bir də başını yana əyəndə ona bənzəyirsən. 
O çox sağlam deyildi, bütün günü öskürürdü. Bir gün o çıxıb getdi, qəflətən. Elə fikirləşirdim ki, o da məni sevir, amma o heç vaxt mənə sevdiyini demədi. Eləcə, çıxıb getdi bir gün. Biləydin necə məyus olmuşdum! Bir müddət sonra eşitdim ki, müalicə olunmaq üçün onu Kaliforniyaya aparıblar, bir il sonra, yazda o ölüb. O vaxtdan ürəyim sındı, daha heç kəsi sevmədim, sevə bilmədim. Bütün ömrüm boyu yalnız onu sevmişəm. Əgər onun da məni sevdiyini bilsəydim mənə çox ağır olmazdı. Bir dünya fərq edərdi o mənə sevdiyini desəydi. Bu bir neştər kimi ürəyimi deşib həmişə. Hətta mən xəyalən də onunla deyib-gülə bilmirəm, fikirləşirəm ki, bəlkə heç o məni sevməyib?
– Məncə, o səni sevib, xanım Silviya! Səni sevməmək mümkün idimi?
Xanım Silviya başını buladı və kədərli-kədərli gülümsədi. 
– Yox, tam əmin deyiləm. Hərdənbir düşünürəm ki, o da məni sevirdi 
Amma az keçmir ki, şübhə bu inamımı yeyir. Onun məni sevdiyini öyrənmək üçün hər şeyə razı idim. Onda bilərdim ki, ömrümü boş yerə puç etməmişəm, məni sevən adam üçün yaşamışam. Və mən heç vaxt bunu bilməyəcəm. Buna ümid edə bilərəm, lakin heç vaxt onun məni sevdiyini dəqiq bilməyəcəm. Ah, heç kim məni başa düşməz. Nələr çəkdiyimi sən bilməzsən. İndi bildinmi, mən nə üçün səndən o hekayəni dəyişməyini istəyirəm? O qıza yazığım gəlir, dəyiş hekayəni, qoy o qız bilsin ki, oğlan da onu sevirmiş. Əgər o bunu bilsə, ömürlük ayrılıq əzabına tab gətirməyə gücü olar.
Xanım Silviya toxuduğu şeyi də götürüb öz otağına getdi. Mənə görə Silviyanın sevdiyi o oğlan dünyanın ən əclafı, ən axmaq adamı idi - ona sevdiyini demədiyi üçün. 
O biri gün xanım Silviya yenə də həmişəki kimi balkonda oturub nəsə toxuyurdu. O bir daha mənə dediyi həyat hekayəsinə aid heç nə demədi. İki həftə sonra o öz evinə, mən də öz dünyama qayıtdım. Həmin ilin qışında mən ona bir neçə məktub yazdım. O məktublarıma cavab verdi. Məktubları da özü kimi idi. Ona əyalət jurnallarından birini göndərdim. Bu jurnalda həmin hekayənin yenidən işlənmiş variantı çap olunmuşdu. O mənə yazıb çox sevindiyini bildirdi. Yazdı ki, nə yaxşı məni məcbur edib o hekayəni dəyişməyə.
Aprelin əvvəlində kənddə yaşayan xalamdan məktub aldım. O yazmışdı ki, kənddəki evini satıb şəhərə köçmək istəyir. Xahiş edirdi ki, Svitvoterə gedib mülki satmaqda, özüylə gətirmək istədiyi əşyaları seçməkdə ona kömək edim. 
Mən Svitvoterə gələndə hava çox soyuq və yağışlı idi. Ah, Kanadanın yaz ayları! Ağcaqayınların xoş qoxusu məni köhnə şərabdan da çox bihuş edirdi.
Kəndə gəlişimdən bir həftə sonra, yəni əsas işləri qaydaya salıb, evi satandan sonra Meri xalam mənə dedi ki, yaxşı olardı, Alan dayımın otağını bir yoxlayım, ordan nəyi götürəcəyiksə seçim. Xalam onu da dedi ki, dayım öləndən sonra onun əşyalarına heç kimin əli dəyməyib. 
– Yeri gəlmişkən, dayının köhnə bir çamadanı var. Bu çamadan onun məktubları, kağız-kuğuzları ilə doludur. Bu çamadan onun ölümündən sonra Kaliforniyadan gətirilib. Heç vaxt bu çamadana baxmamışam. Güman edirəm ki, o çamadanda fərli bir şey yoxdur. Ona görə də bu çamadanı özümlə şəhərə aparmaq fikrim yoxdur. İstəyirəm o çamadana baxasan, bəlkə içində saxlanılası bir şey var, onu götürək, yerdə qalanları basdıraq. 
Xalamın bu tapşırığını yerinə yetirməyə heç marağım yox idi. Mən dayım Alan Blerin yalnız adını eşitmişdim. O anamın böyük qardaşı olub, mən doğulmazdan neçə il qabaq dünyasını dəyişib. Eşitmişdim ki, o çox ağıllı, savadlı olub, onun məşhur adam olacağını gözləyirlərmiş. Bununla belə kiflənmiş köhnə məktublar içində eşələnməyə marağım yox idi. 
Həmin axşam gün batandan sonra Alan dayımın otağına qalxdım. Həmin gün hava günəşli idi, amma axşam hava soyuq idi, pəncərənin qabağındakı ağcayın budaqlarından yağış damcılayırdı. Otaq evin şimal tərəfində idi, pəncərənin qabağında iri küknar, ağcaqayın ağacları olduğundan otaq həmişə tutqun olardı. Ağacların budaqları arasından Alan dayımın çox sevdiyi dəniz, qürub edən günəş görünürdü. Səmaya baxanda xanım Silviyanı xatırladım. 
Onu fikirləşə-fikirləşə lampanı yandırdım və dayımın köhnə çamadanındakı kağızlara baxmağa başladım. Daha çox saralmış məktublar vardı orda. Maraq doğurmadı bu məktublar, bəziləri ailə üzvlərindən, bəziləri universitetdəki dostlarından idi. Orda elmi işlər, esselər də vardı. Mən məktublara, elmi işlərə ötəri nəzər saldım. Çamadanın altında tünd yaşıl dəri üzlü bir qalın dəftər gördüm. Deyəsən, bu gündəlik idi. Cüzi maraq oyandı, vərəqlədim. 
O bu gündəliyi yazmağa universiteti bitirdiyi ilin yazında başlamışdı. Həmin vaxtda hansı xəstəliyə düçar olduğunu bilirmiş. Xəstəliyin qara kölgə kimi həyatı üstünə düşdüyünü bilsə də o, özünə təsəlli üçün ümid yer axtarırdı. Onun sözlərində xəstə adama aid heç bir söz yox idi. Oxuduqca Alan dayımı xoşlamağa başlayırdım. Fikirləşirdim ki o yaşasaydı mənimlə dost olardı. 
Həmin ilin yayında anasının, yəni nənəmin vəziyyəti yaxşı deyilmiş. Həkim ona dəniz sahilinə getməyi məsləhət görübmüş. Alan da anası ilə birlikdə gedir dəniz sahilinə. Bundan sonra gündəlikdə fasilə olur, neçə gün heç nəyi qeyd etmir. Yox, gündəliyin heç bir səhifəsi cırılmamışdı. Bir neçə gün heç nə yazmayıb sonradan davam etmişdi. Mən növbəti səhifəni oxumağa başladım:
" Bu qız Allahın yaratdığı ən gözəl məxluqdur. Hələ bu vaxtacan onun kimi sevimli qız görməmişəm. Oun gözəlliyi qorxudur məni. Onun saf ürəyi işıq kimi bərq vurur. Onu bütün ürəyimlə sevirəm. Sevinirəm ki, onu sevdim. Sevgi nə olduğunu bilmədən ölmək çox ağır olardı. Nə yaxşı ki, o mənə rast gəldi, onu sevdim - hətta bu sevginin sonu acı olsa da. Silviya Stanleymeyni tanımayan, onu sevməyən kişi deməli, bu həyatda boş yerə yaşayıb. 
Yox, mən ondan sevgi ummuram, o məni rədd edərdi. Əgər mən xəstə olmsaydım onun ürəyinə sahib olardım! İnanıram ki, bunu bacarardım. Onun ürəyini ələ almaq üçün yolumu heç nə kəsməzdi, cəhd edərdim. Amma xəstə olduğuma görə buna cəhd etmirəm. 
Onunla bir yerdə olmağa, onunla söhbət etməyə, onun gözəl üzünə baxmağa ürək etmirəm. O gecə-gündüz xəyalımdadır, o mənim yuxularımda yaşayır. Ah, Silviya, əzizim, mən səni sevirəm”.
Bir həftə sonra o belə yazmışdı:
"17 iyul... Çox qorxuram. Mən bu gün Silviyanın gözlərinə baxdım. O mənə elə baxırdı, sanki heyran olmuşdu mənə. Bu vaxt özümə söz verdim ki, mənə neçəyə başa gəlirsə-gəlsin, ona az baxmalıyam. Təhlükəli bir fikrə düşə bilmərəm ki, guya o da məni sevir. Onun məni sevdiyini bilmək mənə kədərdən başqa heç nə verməyəcək”.
"18 iyul... Bu səhər şəhərə gedən qatara mindim. Xəstəliyim haqda hər şeyi öyrənmək istəyirdim. Evimizdəki həkim mənə boş yerə ümidlər verirdi. Şəhərdə ən tanınmış bir həkimin yanına getdim. Ondan xahiş etdim ki, mənə əsl həqiqəti desin. Onu məcbur etdim bu həqiqəti mənə deməyə. Qısaca belə dedi ki, səkkiz ay, uzağı bir il yaşaya bilərəm. Belə olacağını gözləyirdim. İndi özümü fikirləşmirdim, Silviyanı düşünürdüm. Bu gözəl qızın ürəyindəki sevgi tumurcuğu çiçək olmamış çıxıb getməli idim. Bu tumurcuq çiçək açsaydı, onun həyatının o biri illərinə çox pis təsir edərdi.”
"19 iyul... Hər şey bitdi. Bu gün onunla xüdafizləşdim, başqa adamların yanında.
Onunla təkbətək vidalaşmadım, çünki özümə inanmırdım, qorxurdum onu tək görsəm ürəyimi ona açaram. O çox qəmli görünürdü, sanki kimsə xətrinə dəymişdi, O unudacaq məni - hətta ürəyində mənə sevgi olsa da. Onun gözlərindəki sevgini oxuyanda yanılmamışamsa da, o unudacaq məni!
O ki qaldı mənə, ölüm bu ayrılığın başı üstdədir 
Mənə qalan yalnız kişi kimi hərəkət etməkdir”.
Gündəliyin o biri səhifələrindən oxudum ki, Alan Bler Svitvoterə qayıdır, az sonra onu Kaliforniyaya aparırlar. O Kaliforniyada olduğu müddətdə çox az yazmış, günlər arasında uzun fasilə vardı. Amma hər dəfə yazanda Silviyadan yazmışdı, uzun fasilədən sonra budur yazdığı:
"Mənc,ə son günüm çox da uzaqda deyil. Xəstəlikdən əzab çəkməyimin belə uzun olmasına təəssüf etmirəm. Keçən gecə özümü rahat hiss etdim. Yatdım. Yuxuda gördüm ki, Silviya ilə rastlaşıram. Bir dəfə, ya da iki dəfə qərar vermişdim k, mən öləndən sonra bu dəftəri ona göndərsinlər. Sonra başa düşdüm ki, bu axmaq hərəkət olardı. O bunu biləndə yalnız əzab çəkərdi, ona görə də vaxtı gələndə bu dəftəri cıracam. 
Gözəl bir yay günündə günəş qürub edir. Svitvoterdə isə hələ yazdır. Meşədəki qar yavaş-yavaş əriyir. Hazırda orda günəş qürub edəndə rəngi tünd sarı və açıq qırmızı olur. Ah, kaş mən o yerləri bir də görəydim. Həm də Silviyanı..”
Son sözdən sonra kiçik ləkə vardı vərəqdə. Mənə məlum oldu ki, Alan Blerin son günü gözlədiyindən də tez gəlib. Çünki bundan sonra heç bir şey yazmamış, həm də dəftər cırılmayıb. Dəftərin cırılmadığına indi çox sevinirdim. Sevinirdim ki, xanım Silviyanın həyat hekayəsinin son fəslini yaza bilərəm. 
Svitvoterdən qayıdan kimi şəhərə getdim, üç yüz mil uzaqda yerləşən şəhərə. Xanım Silviyanın yaşadığı şəhərə. 
O özünün kitabxanasında idi, əynində də qara ipək don, başında toxunma papaq, Qaymaq rəngli yun sapdan nəsə toxuyurdu. Adama elə gəlirdi ki, bir neçə dəqiqə əvvəl "Harbour Light” sanatoriyasının balkonundan bura gəlib. 
– Ah, əziz dostum! – məni görən kimi sevincək dedi.
– Heç bilirsən niyə gəlmişəm? – soruşdum. 
– Əlbəttə, çox yaxşı bilirəm ki, məni görmək istədiyin üçün gəlmisən.
– Mən səni görmək istəmirdim, əgər sənin həyat hekaəınin sonuncu fəslini gətirməli olmasaydım, gələn ilin yayınadək gözləyə bilərdim, əziz xanım.
– Mən... mən heç nə başa düşmürəm, – xanım Silviya çaşqın halda dedi.
– Mənim bir dayım olub. Alan Bler. O, 40 il bundan qabaq Kaliforniyada ölüb, – mən sakitcə sözə başladım. – Bu yaxınlarda iş elə gətirdi ki, onun çamadanına baxdım. Mən onun çamadanındakı başqa kağızların arasından bir qalın dəftər – gündəlik tapdım. Bu gündəliyi sənə gətirdim, məncə, bunu götürməyə yalnız sənin haqqın çatır.
Kitabı onun dizi üstə qoydum. O təəccübdən yerində donub qalmışdı. 
– İndi isə mən gedirəm. Sən bu dəftəri oxuyub qurtarmayınca nə məni, nə də heç kəsi görmək istəməyəcəksən. Sabah səni görməyə gələcəm.
O biri gün mən onun evinə gedəndə o məni qapıda qarşıladı. Qolumdan tutub zala dartdı. Onun gözləri par-par yanırdı. 
– Sən məni çox xoşbəxt etdin, – o həyəcandan titrəyə-titrəyə dedi. – Heç bilməzsən məni necə xoşbəxt etdin. İndi məni heç nə incitmir, heç vaxt da incitməyəcək, çünki onun da məni sevdiyini bilirəm. 
O başını mənim çiynimə qoydu, bir qız sevgilisinin çiyninə başını necə qoyarsa, eləcə, mən də əyildim, Alan dayımın əvəzindən onu öpdüm.
 
İngilis dilindən tərcümə edən: Sevil Gültən

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888