AZE | RUS | ENG |


Rusiyanın missiyası bitdimi?

Rusiyanın missiyası bitdimi?
Ekspertlərin fikrincə, apreldən sonra başlanan intensiv danışıqlar prosesinin dayanmasının bir neçə səbəbi var

Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öhdəliyi sanki təkbaşına üzərinə götürən Rusiyanın bu istiqamətdə fəaliyyətinin səngidiyi aydın görünür. Təşəbbüskarlıq edən, müxtəlif təkliflər irəli sürən həmsədr dövlət atəşkəs barədə razılıq əldə etdikdən sonra özü də sakit mövqe nümayiş etdirir. Ümidlər yaranmasına, konkret nəticələr əldə ediləcəyinə inam formalaşmasına baxmayaraq, irəliyə doğru heç bir addım atılmadı. Artıq danışıqların dalana dirəndiyi mənzərəsi göz önündədir və bunu, qəti şəkildə söyləmək mümkündür. Faktdır ki, digər həmsədrlər də xoş bəyanatlar vermirlər. Bəs bu cür gedişat nə ilə əlaqədardır? Yaranmış mənzərə fonunda "atəşkəs əldə olunması ilə Rusiyanın missiyası bitdimi?” sualını vermək mümkündürmü?

Millət vəkili Elman Nəsirov "Kaspi”yə açıqlamasında bildirdi ki, bu sözü demək çətindir: "Bildiyiniz kimi, ABŞ-da prezident seçkilərinin finişə yaxınlaşdığı zamandır. Belə bir vaxtda danışıqlar prosesində pauzaların yaranması proqnozlaşdırılandır. Bu gün fövqəl dövlətin, həmçinin Minsk qrupu həmsədrinin başı öz ölkəsindəki seçki prosesinə qarışıb. Yeni seçilən prezident fəaliyyətə 2017-ci il yanvar ayının 20-də başlayacaq. Ondan sonra komandanın formalaşması prosesi gerçəkləşəcək. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, 2017-ci ilin əvvəllərində həmsədr kimi fəaliyyətləri diqqət cəlb etməyəcək. Rusiyaya gəldikdə isə onlar da münaqişə ilə bağlı prosesdə əvvəlki intensivliyi nümayiş etdirmirlər. Onlar da ABŞ-ın ardınca Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə ortalığa passiv mövqe qoyublar. Aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı yaranmış imkanlardan təəssüf ki, yenə də istifadə edilmədi. Həmsədrlər çox gözəl bilirlər ki, belə vəziyyət münaqişənin müharibəyə çevrilməsi üçün imkanları genişləndirir. Ona görə də indi ciddi cəhdlə çalışırlar ki, ilk növbədə, xarici işləri nazirləri arasında görüş baş tutsun. İlin sonunda isə prezidentlər arasında görüşə nail olmaq istəyirlər”.

Millət vəkilinin fikrincə, əgər buna nail olarlarsa, ilin sonuna yaxın prezidentlər arasında sayca 54-cü görüş keçirilərsə, həmin görüşdən ürəkaçan, diqqəti cəlb edən nəticə gözləmək üçün əsas yoxdur: "Ən azı ona görə ki, həmsədrlər öz passiv davranışı, bir çox hallarda isə cənab prezident demişkən, öz insafsız bəyanatları ilə yadda qalırlar. Eyni zamanda, Ermənistanın yeni hökumətinin tərtib etdiyi proqramda münaqişənin həlli ilə bağlı heç bir güzəştə getməyəcəkləri haqda bənd öz əksini tapıb. Deməli, 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlləri üçün münaqişənin həlli ilə bağlı nikbin proqnoz vermək olduqca qəlizdir. Onu da yaddan çıxarmayaq ki, belə vəziyyət davamlı ola bilməz. Aprel döyüşləri daha mürəkkəb ssenari ilə yenidən baş verə bilər. Bu dəfə biz döyüşlərdən deyil, müharibədən bəhs edirik. Bu halda, bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Həmçinin, ona silah satan, pul verən, lobbiçilik fəaliyyəti təşkil edən, onların təbliğatını aparan qüvvələrin üzərinə düşəcək”.

Politoloq Natiq Miri də düşünür ki, Rusiyanın missiyasının bitdiyini demək olmaz. Çünki onlar heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini digər dünya güclərinə buraxmaq istəməyiblər, bu fikirdə olmayacaqlar da: "Rusiya indi bu məsələni ikinci plana qoyub. Çünki bu gün dünya güclərinin diqqəti daha çox Yaxın Şərqə – Suriya və İraqa yönəlib. Burada anti-terror əməliyyatı keçirməklə bərabər, Yaxın şərqdəki geosiyasi mövqelər uğrunda da çox ciddi mübarizə gedir. Bu mübarizə ABŞ başda olmaqla, Qərb dünyası ilə Rusiya arasında gedir. Rusiyanın özünün rəhbərlik etdiyi koalisiya da mövcuddur. Bu savaşın yaxın müddətdə bitəcəyi haqda danışmaq çox çətindir. Ona görə də Dağlıq Qarabağ problemi ikinci plana keçib. Rusiyanın aprel döyüşlərindən sonra bu məsələdə qolunu çırmalaması, atəşkəsin dayanması üçün səy göstərməsi, Azərbaycan və Ermənistan prezidentlərinin Peterburqda görüşünə nail olması təqdir olunan haldır. Ancaq orada müzakirəyə çıxarılan bəzi predmetlər vardı ki, onların gələcəkdə qəbul edilməsi üçün ortada Ermənistan hakimiyyətinin iradəsi olmalı idi. Sarkisyan hakimiyyəti bundan Ermənistanda süni anti-Rusiya ovqatı yaratmaqla qaça bildi. Sarkisyan aprel döyüşlərindən sonra yaranan ictimai narazılıqdan hakimiyyətini möhkəmləndirmək üçün istifadə etdi. Elə fikir yaratdı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı kiçik bir güzəştə gedərsə, iqtidarda qalmaq məsələsi sual altına düşəcək. Ermənistan hakimiyyəti bu fikri həm Rusiya, həm də digər həmsədr dövlətlərə aşılaya bildi. Hamı bilir ki, bu, Sarkisyan hakimiyyətinin manevr qabiliyyətidir. Həmsədr dövlətlər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın güzəştə getməsini tələb edirlər. Bu, ən böyük problemdir. Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılması kontekstində Qarabağa müstəqillik verilməsini istəyirlər. 24 ildir, proses bu şəkildə davam edir. "Kazan formulu” adlandırılan sənəddə də Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi məsələsini əksini tapıb”.

Politoloq bir daha xatırlatdı ki, referendumun keçirilməsi bilavasitə, Dağlıq Qarabağa müstəqillik verilməsi anlamına gəlir. Bu, cavabı bəlli olan sualdır: "Prezident 24 ildir davam edən ədalətsizliyi və gerçəyi Azərbaycan ictimaiyyətinin nəzərinə çatdırdı. Problemin kökündə duran məsələ dünya güclərinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa müstəqillik istəməsi ilə bağlıdır. Münaqişənin ikinci plana keçməsinin səbəblərindən biri də Azərbaycanın güzəştə getməməsidir. Sadəcə, dünənə kimi bu, öz adı ilə çağırılmırdı. Görünür, prezident bunu cəmiyyətə açıqlamağa ehtiyac duydu. Xalqımız anladı ki, ATƏT-in Minsk qrupunun 24 illik fəaliyyəti yalnız Dağlıq Qarabağa müstəqillik tələb etməkdən ibarət olub. Bundan sonrakı gedişat Yaxın Şərqdəki proseslərin nəticələrindən asılı olacaq. Bilirsiniz ki, Yaxın Şərqdə, xüsusən də, Suriyada gedən proseslər kontekstində Rusiya-Türkiyə qarşıdurması mövcud idi. Türkiyə Rusiya təyyarəsini vurandan sonra münasibətlər düşmənçiliyə qədər irəlilədi. İndi isə strateji tərəfdaşlığa yönəlik əlaqələri inkişaf etməkdədir. Gələcəkdə Türkiyə, Rusiya yaxınlaşması davam edərsə, Suriyada sülhü bərqərar etmək mümkün olarsa, Türkiyə-Rusiya-Azərbaycan üçlük formatı yaranarsa müsbət siyasi nəticələr görə bilərik. Ona görə də Suriya bu gün önəmli məsələdir. Rusiya və Türkiyənin Suriya kimi Dağlıq Qarabağda da maraqları var. Ona görə bu məsələlərin bir-birinə ciddi mənada aidiyyəti var. Rusiya Türkiyə və Azərbaycanın regionda Ermənistandan çox-çox gərəkli ölkələr olduğunu qəbul edərsə, onda konkret siyasi nəticələrdən danışa bilərik. Əks təqdirdə, Dağlıq Qarabağ problemi Azərbaycanın özünün proses yaratmasından asılı olacaq. Yenidən bu münaqişəni gündəmə gətirmək üçün apreldəki kimi hərbi-siyasi hadisə baş verməlidir, dünya ictimaiyyəti narahat olmalıdır. Yeni bir müharibənin başlanması Suriyanı kölgədə qoya bilər”.
 
Şəfa Tapdıq


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888