AZE | RUS | ENG |


QHT-lər üçün “bir pəncərə” nə vəd edir?

QHT-lər üçün “bir pəncərə” nə vəd edir?
Ekspertlərin fikrincə, prezidentin imzaladığı fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır

Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunsun.
 
 
 
Bu fərmanın vətəndaş cəmiyyətinin inkişafına nə cür təsir edə biləcəyini ekspertlərlə müzakirə etdik. Onların fikrincə, imzalanan fərman kifayət qədər əhəmiyyətlidir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqovun fikrincə, bu fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır. QHT-lərin inkişafı, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir: "Bilirsiniz ki, iki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı. Bununla belə, iki il əvvəlki dəyişikliyin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya QHT-lərin, beynəlxalq təşkilatların təkliflərini toplayaraq beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı. Bütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi. Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə” prinsipinin tətbiqi barədə fərman imzalandı. Bu fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır”. Yaradılan imkandan sui-istifadəyə yol vermə ehtimalları barədə danışan R.Qonaqov QHT-lərin bu addımı layiqli qiymətləndirməli olduqlarını düşünür: "Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb aidiyyəti üzrə təqdim edəcək. Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ilk növbədə dövlətin özü maraqlıdır. Zaman-zaman biz dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümkün deyil”.
 
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov dedi ki, vətəndaş cəmiyyətləri bu barədə çoxdan öz təkliflərini verirdi: "Prezident çox sağ olsun ki, deyilənləri nəzərə alıb. Ümumiyyətlə, arzu edirik ki, təkcə qrantların deyil, QHT-lərin qeydiyyatı da gələcəkdə kommersiya qurumları kimi "bir pəncərə” sisteminə keçsin. Məlumdur ki, kommersiya qurumları vahid pəncərə sistemi ilə qeydiyyatdan keçirlər. Amma QHT-lərin qeydiyyatında bu, yoxdur. İstənilən halda, verilən qərarı alqışlayırıq. "Pəncərə”yə cavabdeh olan qurumu Nazirlər Kabineti müəyyənləşdirməlidir. Düzdür, qeyri-kommersiya qurumları üçün cavabdeh yenə də Ədliyyə Nazirliyi qalır. Kommersiya qurumları üçün isə nəzarətçi İqtisadiyyat Nazirliyidir. Yəni sadə dillə desək, "pəncərə” hansında olacaq? Nəzarətçi kim olacaq? Bunu isə Nazirlər Kabineti müəyyən edəcək. Fərmandan irəli gələn vəzifələri, həyata keçirilməli olan mexanizmi onlar təyin edəcəklər və bunu yaxın vaxtlarda gözləyirik. Çünki mexanizm gələn ilin yanvar ayına hazır olmalıdır. Vaxt az qalıb. Nazirlər Kabineti mexanizmi hazırlayandan sonra bu məsələni daha geniş şərh edə biləcəyik. İlkin vəziyyətdə də bu, çox yaxşıdır. Bir neçə nazirliyə deyil, birinə müraciət ediləcək”.
 
Şəfa Tapdıq
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888