AZE | RUS | ENG |


Milli maraqlara əsaslanaraq tam müstəqil siyasət yürüdən nüfuzlu ölkə

Milli maraqlara əsaslanaraq tam müstəqil siyasət yürüdən nüfuzlu ölkə
Ötən 25 ildə Azərbaycan inkişaf edərək, bütün səviyyələrdə öz sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə dünyada hörmətlə yanaşılan dövlətə çevrilib

XX əsrin əvvəllərində Şərqdə - müsəlman aləmində ilk demokratik cümhuriyyət məhz Azərbaycanda quruldu. 1918-ci ilin 28 mayında Azərbaycan öz müstəqilliyini elan etdi və dövlət olaraq bir sıra mühüm islahatlara imza atdı. Hətta Avropa dövlətlərindən qabaq ölkə ərazisindəki bütün vətəndaşlara, o cümlədən qadınlara seçib-seçilmək hüququ verdi. Lakin o dövrün ictimai-siyasi hadisələri səbəbindən müstəqilliyimiz 1920-ci ilin 28 aprelində süquta uğradıldı. 70 il ərzində sovetlər birliyinin tərkibində mövcudluğunu qoruyan Azərbaycan 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini bərpa edə bildi, müstəqil dövlət kimi dünyaya yenidən səs saldı. Bir neçə gün bundan öncə bu əlamətdar hadisənin baş verməsinin 25 illiyi ən yüksək səviyyədə qeyd olundu, keçilən yola, həyata keçirilən siyasətə, yol verilən nöqsanlara bir daha nəzər salındı. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan rəsmi qəbulda prezident İlham Əliyev 25 illik yola ictimai-siyasi, iqtisadi qiymət verdi. 

Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, müstəqilliyimizin birinci dövrünü əhatə edən 1991-1993-cü illər daha çox faciəvi hadisələrlə yadda qalıb. Həmin vaxt Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşib. Xüsusən də 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan müddət itirilmiş imkanlar, itkilər dövrü kimi yadda qalıb. Ermənistan Azərbaycana qarşı təcavüzə başlayıb, azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi isə daha böyük itki, faciə olub. O illərdə dövlətçiliyin əsasları qurulmayıb, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmayıb, nizami ordu yaradılmayıb, cəmiyyətdə milli həmrəylik, milli birlik olmayıb. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edən AXC-Müsavat qruplaşması hakimiyyəti qanunsuz olaraq zəbt edib. 

Bununla da birinci dövrün ikinci dəhşətli mərhələsinə qədəm qoyulub. Həmin qruplaşmanın 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədər davam edən hakimiyyəti müddəti biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü kimi yadda qalıb. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparıb. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradılıb. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürüb, iqtisadi böhran yaşanıb, sənaye iflic vəziyyətə düşüb. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışdığından korrupsiya, rüşvətxorluq son həddə çatıb, ölkədə qanunsuz silahlı birləşmələr meydan oxuyub. Həmin vaxt Ermənistan ilə qanlı döyüşlər getməsinə baxmayaraq, AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün hətta vətəndaş müharibəsinə də başlayıb. Məhz buna görə Gəncə şəhəri onlar tərəfindən bombalanıb, qardaş qanı axıdılıb və bunun nəticəsində Azərbaycan daha da böyük itkilərlə üzləşib. AXC-Müsavat qruplaşmasının cəmi 1 illik hakimiyyəti müddətində yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşib. Belə bir vaxtda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət edilən, siyasi hakimiyyətə gətirilən ümummilli lider Heydər Əliyev ölkəni gözləyən bütün fəlakətlərin qarşısını alıb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu günlərdə informasiya agentliklərinə verdiyi müsahibədə də qeyd olunduğu kimi, görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyət dairələri tərəfindən Bakıya dəvət olunandan, iyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçiləndən sonra yenidən Azərbaycana rəhbərlik etməyə başlayıb. O dövrdən etibarən də ulu öndər Heydər Əliyev ölkənin milli ruhlu, qlobal düşüncəli və dövlət təfəkkürlü vətəndaşlarını, bütün sağlam qüvvələri öz ətrafına toplayıb, respublikamızın gələcək iqtisadi, ictimai-siyasi və sosial-mənəvi inkişafının prinsiplərini, məqsəd və vəzifələrini müəyyənləşdirib. Ümummilli liderin əsasını qoyduğu yeni neft strategiyası və digər transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi nəticəsində isə Azərbaycan dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik təcrübəsi sayəsində 1993-2003-cü illəri əhatə edən dövr ərzində bütün milli resursları vahid məqsəd uğrunda səfərbər etmək və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, onu sabit inkişaf yoluna çıxarmaq, milli iradəyə əsaslanan müstəqil subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasını təmin etmək mümkün olub. Bütövlükdə Heydər Əliyevin təməlini qoyduğu, formalaşdırdığı və yürütdüyü uzaqgörən daxili və xarici  siyasət  sonrakı dövrdə Azərbaycanın milli inkişaf prioritetlərinin əsasını təşkil edib, Cənubi Qafqaz və Xəzər hövzəsi, Avrasiya bölgəsi və dünyadakı mövqelərini,  həm də dünya birliyi ilə əlaqələrinin  prinsipial xəttini müəyyənləşdirib. Ümummilli lider Heydər Əliyev həm region ölkələri, həm də dünya dövlətləri ilə qarşılıqlı münasibətlərin respublikamızın geosiyasi maraqlarına uyğun olaraq praqmatik, ölçülüb-biçilmiş, düşünülmüş və balanslı siyasi strategiyasını formalaşdırıb.

Bu siyasi kurs ulu öndər məktəbinin layiqli yetirməsi İlham Əliyevin ölkəyə prezident seçildiyi gündən indiyə qədər uğurla davam etdirilməkdədir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaşadığı 2003-2016-cü illər milli inkişafımızın yeni dövrü kimi xarakterizə edilir. Bu illər ərzində Azərbaycan oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, bütün səviyyələrdə öz sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə dünyada hörmətlə yanaşılan və milli maraqlara əsaslanaraq tam müstəqil siyasət yürüdən nüfuzlu bir ölkəyə çevrilib. Əgər bu gün Azərbaycan bölgədə ciddi bir geosiyasi amilə çevrilərək postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyən edilməsinə mühüm təsir göstərirsə, bu, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında yürüdülən düzgün siyasi kursun nəticəsidir.
 
Alpər TURAN


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6744
GBP 1 İngilis funt sterlinqi 2.1708
TRY 1 Türk lirəsi 0.4872
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1944
EUR 1 Avro 1.8426
CHF 1 İsveçrə frankı 1.7267
USD 1 ABŞ dolları 1.7447