AZE | RUS | ENG |


Ülviyyə Əliyeva: “Aktrisa hər rolun öhdəsindən gəlməyi bacarmalıdır”

Ülviyyə Əliyeva: “Aktrisa hər rolun öhdəsindən gəlməyi bacarmalıdır”
Hər aktrisaya nəsib olmur ki, lap gənc yaşlarında dramatik rol oynasın, sonralar isə xalqının sevimli komediya personajına çevrilsin. Bu dəfəki müsahibim hamımızın çox sevdiyi və hörmət etdiyi aktrisa Ülviyyə Əliyevadır. Düzdür aktrisa özünü nə komik, nə də dramatik aktrisa saymasa da, hazırda onu istər televiziyada, istərsə də teatrda görən hər kəsin simasında xoş bir təbəssüm yaranır. 
Tanıtım:  Ülviyyə xanım 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsini bitirib. 1998-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. Bu teatrın səhnəsində aktrisa C.Məmmədquluzadənin "Ölülər"ndə Nazlı, B.Vahabzadənin "Atamın kitabı"nda Şəvkət bacı, Ə.Əmirlinin "Xoşbəxt gün"ündə Yeganə, Qabilin "Şübhəli əhvalat"nda katibə, Ə.Əmirlinin "20 il sonra"sında Ofelya, Anarın "Səhra yuxuları"nda 2-ci müxbir rollarını ifa edib.
2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunub. Bu işdə Afaq Bəşirqızı aktrisaya böyük dəstək göstərib. Teatrda işlədiyi müddət ərzində "Hərənin öz ulduzu" operettasında Ceyran, "Səhnədə məhəbbət"də müğənni qız, "Volqalı canan"da İradə, "Talelər qovuşanda" əsərində Gülər, "Əlin cibində olsun"da Lalə, "Bəydullanın möhtəşəm toyu"nda Qiyamət, "Məsmə xala dayımdır"da Aydan, "Adamın adamı"nda xəbərçi Xədicə, "Bir günlük siğə"də Zöhrə, "Qısqanc ürəklər"də Elya kimi rolların ifaçısı olub. Yaratdığı hər obrazı özünəməxsuz ustalıqla oynayıb. Azərbaycan televiziyasında və «Space» kanalında bir sıra yumoristik verlişlərdə çıxış edən aktrisa İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında ekranlaşdırılan "Hərənin öz payı+tayı" filmində çəkilib. 
Ən son yaratdığı obrazı isə hələ ki, Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” operettasında olub. Qeyd edək ki, əslində bu rolu tanınmış xalq artistimiz Afaq Bəşirqızı oynasa da o, özü rolunu Ülviyyə xanıma həvalə edib. 
Həyatda çox sadə və mehriban insan olan aktrisamızla müsahibəmiz də səmimi alındı:
- Ülviyyə xanım, yeni teatr mövsümü münasibəti ilə sizi təbrik edirəm və uğurlar arzulayıram. Amma ilk sualım ötən mövsümlə başlıdır. Sonuncu teatr mövsümü nə ilə yaddaşınızda qaldı?
-Mövsüm mənim yadımda ən çox deyərdim ki, Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” tamaşası ilə qaldı. Çox maraqlı tamaşa idi və yaratdığım obraz da həmçinin fərqli və maraqlı idi. Bu obrazı yaratmaq mənimçün çox məsuliyyətli bir iş idi. Çünki bu obrazı hamımızın sevimlisi Afaq xanım Bəşirqızı oynayıb və bu rolu da o özü mənə həvalə etmişdi. Bu, mənimçün çox qürurvericidi. Hətta tamaşa o qədər uğurlu və baxımlı alındı ki, mövsümün sonunda mükafatlandırmada mən də məhz bu tamaşadakı roluma görə mükafata layiq görüldüm.
-Oynadığınız rollardan hansı sizin xarakterinizi daha yaxındır?
-Düzünə qalsa hələ elə bir tamaşada oynamamışam ki, mənim xarakterimə uyğun bir rol olsun. Təbii ki, bütün oynadığım, yaratdığım obrazlarda özümdən bir parça olur, amma tam öz xarakterimdə heç bir rol oynamamışam. 
-Özünüzü dramatik, yoxsa komik aktrisa sayırsınız?
-Özümü nə dramatik, nə də ki, komik aktrisa saymıram. Aktyor, aktrisa hər rolun öhdəsindən gəlməyi bacarmalıdır. Bilirsiz ki, zamanında Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin rəhbərliyi altında çalışmışam. Universitetin üçüncü kursunda oxuyarkən Afaq xanım məni Musiqili Komediya Teatrına (o vaxt elə adlanırdı-red.) gətirib. Lakin ona qədər mən dramatik rollarda da çıxış etmişəm, hətta ilk rolum 17 yaşımda Cəlil Məmmədquluzadənin "Ölülər” əsərinin tamaşasındakı Nazlı obrazı olub. 
- Sizinçün hansı daha xoşdur: filmə şəkilmək, yoxsa teatrda oynamaq?
-Həm filmdə, həm tamaşada oynamaq çox gözəldi. Amma bunlar tamam başqa-başqa işlərdi. Nə teatrda oynadığın kimi serialda, nə də serialda oynadığın kimi teatrda oynamaq düz olmaz. Hər ikisinin yeri ayrıdır.
-Siz aktrisalardan kimi özünüzə kumir sayırsınız?
-Təbii ki, kumirlərim çoxdur. Xaricdən götürsək - Safi Lareni, Azərbaycanda da çox gözəl aktrisalarımız var - Şəfiqə Məmmədova, Afaq Bəşirqızı və əlbəttə ki, Nəsibə xanım Zeynalova.
-Aktyorlardan kiminlə tərəf-müqabili olmaq sizin üçün daha rahatdır?
-Ən rahat tərəf-müqabilim, hamımızın sevimlisi, əməkdar artisti Əkbər Əlizadədir. Çünki bir-birimizi səhnədə çox gözəl tamamlayırıq və bir baxışdan bilirik nə deyəcəyimizi. Xanımlardan isə Tünzalə xanım Əliyeva ilə çox gözəl tərəf-müqabillik. 
-Musiqili Teatrın səhnəsində hansı rolu oynamaq istərdiniz?
-Hal-hazırda ən çox rus bölməsində hansısa tamaşada oynamaq istərdim. Bildiyiniz kimi, mən rus məktəbini bitirmişəm və rus dilini yaxşı bilirəm.  Ona görə də istərdim ki, rus dilində tamaşada oynayım. Bir də çox istərdim muzikl janrında tamaşa olsun, orda rol alım. Amma təəssüflər olsun ki, bizdə hələ bu janrda tamaşa yoxdur... 
-İnşaallah yeni mövsümdə arzularınıza çatarsız.
-  İnşaallah.
Nigar Pirimova
Teatrşünas


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888