AZE | RUS | ENG |


Ermənistan yenə razılaşmasa...

Ermənistan yenə razılaşmasa...
Ekspertlərin fikrincə, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ən uyğun çıxış yolunu təklif edib

Prezident İlham Əliyevin "Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində toxunduğu məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub və mümkün güzəştlər haqda danışılıb. Prezident xatırladıb ki, erməni əhalinin bu torpaqlara kütləvi şəkildə İrandan, Şərqi Anadoludan köçürüldüyü məlumdur. 

Dövlət başçısı bildirib ki, bütün tarix, bütün toponimlər isə, "Qarabağ" sözünün özü də daxil olmaqla, Azərbaycan mənşəlidir: "SSRİ-nin dağılması ərəfəsində orada separatçı tendensiyalar üstünlük təşkil etdi. Bütün bunlar qanlı qarşıdurma ilə bitdi. Əvvəlcə azərbaycanlıları, təxminən 30% təşkil etdikləri Dağlıq Qarabağdan qovdular. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan 7 rayonunu işğal etdilər. Bu rayonlarda yalnız Azərbaycan əhalisi var idi. ATƏT iki dəfə faktaraşdırıcı missiya göndərdi. Onların hesabatı sadəcə dəhşət doğurur: orada bir dənə də olsun, salamat bina yoxdur. Qəbiristanlıqlar, məscidlər - hamısı dağıdılıb. Dağlıq Qarabağdan kənarda olan ərazilərdən 750 mindən artıq insan qovulub. Dağlıq Qarabağdan 40 min, Ermənistandan isə 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə kasıb bir ölkədə 1 milyon qaçqın var idi”.

Prezident bir daha diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz. Lakin yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi məsələsində güzəşt ola bilər: "Gələcəkdə əgər biz razılaşsaq, Dağlıq Qarabağ muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu yaxşı bilir, sadəcə onlar ictimai fikirlə manipulyasiya edirlər, düşmən obrazı yaradırlar, danışıqlar prosesinin mahiyyətini təhrif edirlər, onu elə təqdim edirlər ki, guya Azərbaycan, az qala erməni əhalisini məhv etmək və qovmaq istəyir. Bu, belə deyil. Danışıqlar formatı mövcuddur, danışıqlar davam edir, Ermənistan hər vəchlə maneə yaradır. Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, əvvəlcədən onların bizim üçün qəbuledilməz olduğunu bilir. Beləliklə, danışıqlar yenə də non-stop şəklinə düşür. Niyə? Çünki ya həll etmək istəmirlər, ya bacarmırlar, yaxud hansısa daxili siyasi səbəblərdən cəsarətləri çatmır, bəlkə də hamısı bir yerdə”.

Prezidentin açıqlaması Azərbaycan tərəfinin təklif etdiyi ən uyğun variant kimi qiymətləndirilir. Mövzu haqda fikirlərini öyrəndiyimiz ekspertlər düşünürlər ki, ölkəmizdən hər zaman güzəşt istəyirdilər və artıq güzəşt limiti açıqlandı. Ona görə də beynəlxalq təşkilatlar bundan sonra daha aktiv fəaliyyətə keçməlidirlər. 

Millət vəkili Rasim Musabəyov "Kaspi”yə açıqlamasında dedi ki, prezident belə bir fikri indi dilə gətirsə də, bu cür mövqe əvvəllər də bildirilmişdi: "Belə ki, rəhmətlik Heydər Əliyev bunu çoxdan demişdi. Qeyd etmişdi ki, məsələ Tatarıstanın Rusiyanın tərkibində olduğu kimi həll olunmalıdır. Yəni onun statusu necədirsə, Azərbaycan da Dağlıq Qarabağ üçün belə bir status nəzərdə tuta bilər. Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu təklif imkan verir ki, orada özünüidarəetmə olsun. Bu məsələlər, yəni özünüidarə və ərazi bütövlüyü məsələləri Madrid prinsiplərində və sairdə nəzərdə tutulur. Azərbaycanın tərkibində Muxtar Respublika çərçivəsində bu iki məsələ həllini tapa bilər. Amma bu o demək deyil ki, bütün məsələlərə son qoyulur. Qətiyyən. Statusun dəqiqləşdirilməsi, onun hüdudları və s. sonrakı danışıqların predmetidir. Əsas odur ki, cənab prezident məsələnin mahiyyətini ümumi şəkildə bildirdi”.

Millət vəkilinin fikrincə, prezidentin dediklərinin danışıqlara aidiyyəti yoxdur. Çünki danışıqlar konkret məsələlər ətrafında gedir: "Hər şeydən öncə, erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır”.

Politoloq Mübariz Əhmədoğlu isə deyilənləri güzəşt hesab etmir və bunu Azərbaycanın real siyasəti adlandırır: "Prezidentin bu bəyanatı, yəni Dağlıq Qarabağın statusu barədə deyilənlər Azərbaycanın güclü olmasının və böyüklüyünün göstəricisidir. Ölkəmiz multikultural dövlətdir. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif xalqlar, milli azlıqlar yaşayır. Ermənilər də onlardan biridir. Azərbaycan dövləti digər milli azlıqlara şərait yaratdığı kimi, onlar üçün də nələrsə edər və inkişaflarına şərait yaradar. Dağlıq Qarabağ üçün də şərait yaradılar. Ona görə də düşünürəm ki, məsələni güzəşt kateqoriyasından çıxaraq və ona bu istiqamətdə yanaşaq. Prezidentin dediklərində daha ciddi məsələlər var. Bu isə daha çox geosiyasi məsələlərlə bağlı mesajlardır. Prezidentin dedikləri diplomatiyada ən son addımdır. Bu, yuxarı həddir və Azərbaycanın bundan o yana deyəcək sözü yoxdur. Hər şey beynəlxalq ictimaiyyətdən, ATƏT-in Minsk qrupundan asılıdır. Ümid edirəm ki, həmsədrlər prezidentin mövqeyini düzgün qiymətləndirə biləcəklər. Məsələnin kökü ondadır ki, Ermənistana təzyiq olmalıdır. Beynəlxalq ictimaiyyət, həmsədrlər həm təzyiq, həm də təsir etməlidirlər ki, işğalçılar dinc yolla tənzimlənməni qəbul etsinlər və işğal etdikləri torpaqlardan çıxsınlar. Azərbaycan diplomatiyada ən düzgün addımı atdı. Başqa nə istəyirlər? Özləri bilsinlər, əgər razılaşmasalar, daha Azərbaycan danışmayacaq. Sözümüz səngərdə deyiləcək. Azərbaycanın silahları, əsgərləri, generalları fəaliyyətə keçəcək”.

M.Əhmədoğlu qeyd etdi ki, prezidentin bəyanatında vacib olan məsələ regional kontekst idi: "Ölkə başçısı bir daha hiss etdirdi ki, Azərbaycan regionun lider dövlətidir. O, bu cür danışırdı. Ona görə də regiondakı ümumi vəziyyət birmənalı olaraq, Azərbaycanı maraqlandırır. Ölkəmiz regionda gedən proseslərə laqeyd yanaşmır. Bölgədəki sabitlik, inkişaf Azərbaycan üçün önəmli məsələlərdir. Onu da nəzərə çatdırım ki, söhbət təkcə Dağlıq Qarabağ ermənilərinə status verilməsindən getmir. Həmçinin iki xalqın - azərbaycanlılar və ermənilərin birgə yaşayışı müzakirə mövzusudur. Amma bütün bunların baş verməsi üçün bircə şərt var. Ermənistan işğal etdiyi bütün torpaqlardan dinc yolla geri çəkilməlidir. Buna görə beynəlxalq ictimaiyyət aktiv fəaliyyətə keçməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri ölkə prezidentinin sonuncu bəyanatını əsas götürüb işlərini ona uyğun qurmalıdırlar. Ermənistanı razı salmalıdırlar. Əgər yenə razılaşmasalar, dediyim kimi, hərbi əməliyyatlar qaçılmaz olacaq. Bu, Azərbaycanın haqqıdır. Əgər münaqişə dinc yolla həllini tapmasa, Azərbaycanın müharibə etməkdən başqa seçimi qalmır. Onsuz da, ermənilər özləri daimi şəkildə təxribatla məşğuldurlar. Əgər yenə belə etsələr, biz bu dəfə apreldəkindən daha ciddi şəkildə cavab verəcəyik”.
 
Şəfa Tapdıq


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9201
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6739
GBP 1 İngilis funt sterlinqi 2.1795
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.9067
SEK 1 İsveç kronu 0.2021
CHF 1 İsveçrə frankı 1.7888