AZE | RUS | ENG |


Analoq yayım tarixə qovuşur

Analoq yayım tarixə qovuşur
Ekspertlər dekabrın 1-dən bütün ölkəni əhatə edəcək rəqəmli yayımın üstünlüklərini sadalayırlar

Avropa Birliyi rəqəmli televiziya (TV) yayımının tətbiqi prosesinə hələ 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr də DVB-T sistemindən istifadə etmək üçün razılığa gəliblər. Azərbaycanda isə rəqəmli TV yayımının tətbiqinə 2004-cü ildən başlanılıb. İlk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində "Elektronika” tipli İtaliya istehsalı olan TV vericisi ilə sınaq verilişləri həyata keçirilib. 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin iştirakı ilə sınaq-ölçmə və subyektiv qiymətləndirmə işləri yerinə yetirilib. Daha sonra, 2010-cu ildə dörd rəqəmli TV vericisi istismara verilib. Beləliklə də işlədilən TV yayım vericilərinin gücü artırılıb və parametrləri müasirləşdirilib. Respublika əhalisinin 99 faizi rəqəmli TV yayımı ilə əhatə olunub. Bu məqsədlə 103 TV yayım vericisi quraşdırılıb ki, onlardan 97 ədədi yayım üçün, qalan 4 ədədi isə yayıma şərait yaratmaq üçün istifadə olunub. Daha 45 azgüclü TV vericisi də sifariş edilib. 

Cari ilin sentyabr ayının 27-də MTRŞ-nın növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Prezident İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı diqqətdə saxlanılıb. Həmin Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Bundan irəli gələrək, yəni MTRŞ-nın 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq, 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. MTRŞ-nın bununla əlaqədar yaydığı açıqlamada ictimaiyyətə çatdırılıb ki, növbəti mərhələdə, yəni 01 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. 

Şuranın açıqlamasında o da bildirilib ki, Azərbaycan ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasının, teleradio yayımçılarına və digər  müvafiq qurumlara, eyni zamanda ölkədə fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin satışının təşkilinin təmin edilməsi tövsiyə edilib. Bununla yanaşı, açıqlamada televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin əldə olunması xahiş olunub.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin Texniki direktoru Mikayıl Abbasov mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, 2004-cü ildə Qafqazda ilk dəfə olaraq Azərbaycanda rəqəmli yayımın test işlərinə başlanılıb və rəqəmli yayımın üstünlükləri, əhəmiyyəti, analoq yayımdan fərqi, keyfiyyətləri ilə bağlı bir neçə il test sınaq işləri aparılıb. Onun sözlərinə görə, məhz bu işlərdən sonra respublikada rəqəmli yayıma keçid hazırlanıb, Azərbaycan ərazisində rəqəmli TV-nin tətbiqi və inkişafı üzrə Dövlət Proqramı qəbul olunub: "Bu proqramdan irəli gələrək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkə ərazisində rəqəmli şəbəkənin qurulması işlərinə başlanılıb. Artıq ölkənin 99,9 faizi rəqəmli şəbəkə ilə əhatə olunub. Sosial paketə aid olmuş 135 verici hazırda istismar olunur. Əhalinin böyük hissəsi hətta bir neçə il bundan öncə belə, rəqəmli şəbəkədə istifadə olunan televiziya proqramlarına baxmaq imkanından yararlanıb. Hələ 2006-cı ildə Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan bütün ölkələr, o cümlədən Azərbaycan da Cenevrə sazişinə qoşulublar. Bu sazişə görə, 2015-ci ilə qədər bütün ölkələr rəqəmli yayıma keçməli idilər. Sazişə qoşulan bütün ölkələr bunu öhdəlik kimi öz üzərinə götürmüşdülər”.

M.Abbasov deyib ki, ötən illər ərzində informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edib, rəqəmli şəbəkədə yayımlanan televiziya proqramlarının yayım keyfiyyəti daha da artıb, çoxkanallı proqramlardan istifadə olunmağa başlanılıb: "Əgər dünənə qədər bir televiziya kanalında yalnız bir televiziya proqramına baxmaq mümkün idisə, indi bir kanalda 12 proqrama baxmaq mümkündür. Bu gün belə yayımın texnoloji üstünlükləri çoxdur. Bunun sayəsində yüksək keyfiyyətli televiziya proqramlarının yayımını həyata keçirmək mümkündür. Bir faktı da diqqətə çatdırım ki, rəqəmli yayım ilk dəfə Bakı ərazisində yayımlanandan bir neçə il sonra Naxçıvan Muxtar Respublikasında da rəqəmli yayıma keçidlə bağlı hazırlıq işləri başa çatdırılıb. 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlindən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində analoq yayım dayandırılıb və tamamilə rəqəmli şəbəkəyə keçilib. Bu gün şəbəkədə 50-dən artıq televiziya vericisi muxtar respublikanın bütün ərazisini rəqəmli şəbəkə ilə əhatə edir. Onu da əlavə edim ki, cari il oktyabrın 31-dən etibarən Teleradio istehsalat birliyində 14-11 nömrəli "qaynar xətt” yaradılıb. Respublikanın istənilən məntəqəsindən vətəndaşlar bu nömrəyə pulsuz zəng vurmaq, qeyd olunan məsələ ilə bağlı məlumat əldə etmək, ilkin texniki yardımdan faydalanmaq imkanına malikdirlər”.

MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov da rəqəmli yayımın üstünlüklərinin çox olduğunu bildirib. O, qeyd edib ki, rəqəmli TV yayımında veriliş traktında və TV siqnallarının yazılışı zamanı maneədayanıqlığı yüksək olur, TV vericisinin gücünün azaldılması imkanı yaranır. Bundan başqa, eyni bir tezlik zolağında veriləcək TV proqramlarının sayının kəskin artması, təsvirin və səsin canlandırılma keyfiyyətinin artması, həmçinin yeni açılış standartı (yüksək aydınlıqlı televiziya) üzrə TV sisteminin yaradılması mümkün olur. Şöbə müdirinin sözlərinə görə, rəqəmli yayım studiya aparatlarının funksional imkanlarının genişləndirilməsinə də şərait yaradır, TV yayım siqnalının tərkibində müxtəlif əlavə məlumatların verilməsinə imkan açır. İ.Məmmədov onu da əlavə edib ki, rəqəmli yayım interaktiv TV yayım sisteminin yaradılmasına da yol açır, həmçinin bu zaman tamaşaçı veriləcək TV proqramlarına müdaxilə etmək imkanı qazanır. Bunlardan başqa, rəqəmli yayımda verilişlərin arxivləşdirilməsi və yazılması, verilişin dilinin və subtitrlərin seçilməsi imkanları da olur: "Biz bununla bağlı ictimaiyyətə geniş açıqlama vermişik. Həmin açıqlamada da qeyd olunduğu kimi, vətəndaşlar, xüsusən də köhnə tipli televizorlardan istifadə edən vətəndaşlarımız poçt məntəqələrindən, eləcə də müxtəlif satış mərkəzlərindən rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan dekoderləri, yəni "Set-Top-Box” avadanlıqlarını əldə edə bilərlər”.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6744
GBP 1 İngilis funt sterlinqi 2.1708
TRY 1 Türk lirəsi 0.4872
KWD 1 Küveyt dinarı 5.7105
SEK 1 İsveç kronu 0.1944
EUR 1 Avro 1.8426
CHF 1 İsveçrə frankı 1.7267
USD 1 ABŞ dolları 1.7447